REGİONLAR
Yevlaxda heyvandarlıq məhsullarının istehsalı artıb
Yevlax, 8 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov AZƏRTAC-a bildirib ki, son illər rayona 89 baş “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsli düyələr gətirilərək lizinq yolu ilə 50 faiz güzəştlə fermerlərə satılıb. Gətirilmiş cins düyələr baytar nəzarətinə götürülüb və artırılaraq 159 başa çatdırılıb.
Bundan əlavə, rayonda mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə heyvanların süni mayalanması da həyata keçirilir. Rayon baytarlıq diaqnostik kabinetinin direktoru İsrafil Nəsibov deyib ki, 2015-ci ildə 818 baş inək və düyə süni yolla mayalandırılıb, 497 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumlarından istifadə edilir.
Görülən tədbirlər sayəsində Yevlax rayonunda heyvanların cins tərkibi xeyli yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalı artıb. Rayon statistika idarəsindən verilən məlumata görə, ötən il rayonda 8955,6 ton ət, 36 min 534 ton süd, 389,6 ton yun istehsal edilib. 2014-cü illə müqayisədə ət istehsalı 12,6 ton, süd istehsalı 22 ton, yun istehsalı 4,9 ton çox olub.