YUNESKO-NUN BAKI KONFRANSINDA AKTUAL MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 14-də “Gülüstan” sarayında Azərbaycanın təhsil naziri Misir Mərdanov, YUNESKO-nun baş direktorunun təhsil üzrə müavini Nikolas Börnet, Ömürboyu Təhsil İnstitutunun direktoru Adama Ouen, Moskva ofisinin direktoru Mark Riçmond və qurumun ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Su Uilyamsın iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Misir Mərdanov bildirmişdir ki, dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən beşincisi olan “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulmasi və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfransın Bakıda keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Konfrans YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Qlobal savadlılığın dəstəklənməsi məqsədi ilə dünyanın ayrı-ayrı regionlarında keçirilən bu konfranslar BMT-nin savadlılıq 10 illiyi və YUNESKO-nun savadlılığın dəstəklənməsi təşəbbüsü çərçivəsində təşkil edilir. Regional konfransların təşkili ideyası ABŞ-ın birinci xanımı və BMT-nin Savadlılıq Onillliyinin fəxri səfiri Laura Buşun himayəsi ilə 2006-cı ilin sentyabrından Nyu-Yorkda keçirilən qlobal savadlılıq üzrə Ağ ev konfransı zamanı irəli sürülmüşdür. Təşəbbüsün əsas məqsədi təhsilə investisiyaların artırılması və bununla da qlobal səviyyədə insanların savad səviyyəsinin yüksəldilməsidir. Bakıda keçirilən konfrans bölgənin 31 ölkəsini əhatə edir.
Müasir Avropada insanın savad səviyyəsinin təkcə oxuyub-yazmaq qabiliyyəti ilə ölçülmədiyini bildirən nazir demişdir ki, bu, həm də kompyuterdən istifadə vərdişlərini, səmərəli ünsiyyət qurmaq, məlumatı anlamaq, onu şərh etmək və ötürmə bacarığını, sosial bilgiləri və bütün bunları həyatda tətbiq etmək vərdişlərini nəzərdə tutur. Bakı konfransı məsələyə məhz bu kontekstdən mövcud problemlərin həlli yollarının axtarılıb tapılması məqsədi daşıyır. Eyni zamanda, bu konfrans Azərbaycanın təhsil işçilərinə və alimlərinə Qərbin nüfuzlu elm xadimləri ilə səmərəli əlaqələrin yaradılmasına və gələcəkdə bu sahədə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açacaqdır. Bu baxımdan konfransın Azərbaycan üçün daha böyük əhəmiyyəti vardır.
YUNESKO-nun baş direktorunun müavini Nikolas Börnet konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir. Müasir dünyada savadlılıq məsələsinə tamamilə yeni yanaşmanın meydana gəldiyini xatırladan N.Börnet demişdir ki, müzakirəyə çıxarılan məsələ həddindən artıq həssaslığı ilə diqqəti cəlb edir. Mərkəzi və Şərqi Avropada hazırda 9 milyona yaxın insan savadsızdır. Heç bir ölkə təklikdə bu problemin öhdəsindən gələ bilməz və ona görə də bu sahədə əlbir fəaliyyətə kəskin ehtiyac duyulur.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilmişdir.
######
