Yunis Hüseynov: İdman prinsiplərinin qorunması vacib məqamdır
Bakı, 14 may, AZƏRTAC
“İdman prinsiplərinin qorunması vacib məqamdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
60 yaşlı mütəxəssis bildirib ki, indiki məqamda Premyer Liqada klub sayının artırılması düzgün olmazdı: “Stadionların əlverişli şəraitdə olması və klublara sponsorların cəlb edilməsi gələcəkdə klub sayının artmasına kömək edəcək. Ötən gün baş tutan konfransdan sonra bildirdilər ki, növbəti illərdə Premyer Liqada daha çox komanda olacaq. Yeni mövsümdə bununla bağlı işlər gedəcək. Əlbəttə, heç kəs “Qəbələ”nin elitanı tərk etməsini istəməzdi. Çünki onların infrastrukturu, akademiyada olan ideal şərait göz önündədir. Hər il təlim-məşq toplanışı üçün ora səfərlər olur. Lakin burada idman prinsiplərinin qorunması da önəmlidir. Ümid edirəm ki, “Qəbələ”ni yenidən əsas liqada görəcəyik”.
Y.Hüseynovun sözlərinə görə, legioner limitinin 7+4 olaraq saxlanılması daha məqsədəuyğundur: “Meydanda 4 yerli futbolçunun olması Azərbaycan millisi üçün də faydalı olar. O zaman məşqçilər yığmaya oyunçu seçimində çətinlik çəkməyəcəklər. Lakin İcraiyyə Komitəsi növbəti mövsüm üçün limitin 8+3 olmasına qərar veribsə, ona uyğun hərəkət edilməlidir”.
O, Azərbaycan millisinə yeni baş məşqçi təyinatının yubanması məsələsinə toxunub: “AFFA bununla bağlı danışıqlar aparır. Lakin yeni çalışdırıcının kim olacağı məlum deyil. Mən daha əvvəl də demişəm ki, yerli mütəxəssisin təyinatı daha yaxşı seçim olar. Ancaq əsas odur ki, buraya gələn mütəxəssis Azərbaycan millisinə xeyir versin. Düşünürəm ki, gələn ay Qazaxıstan və Albaniya seçmələrinə qarşı keçirəcəyimiz yoldaşlıq görüşlərindən öncə baş məşqçi məsələsi həllini tapacaq”.