YUNİSEF-İN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ ÖLKƏMİZDƏ UŞAQ MÜDAFİƏSİ SİSTEMİNİ TƏHLİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu ali təhsil ocağının, Milli Məclisin sosial siyasət daimi komissiyasının və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqların müdafiəsi üzrə milli qanunvericiliyin təhlili” mövzusunda konfrans keçirilmişdir.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov tədbirin əhəmiyyətindən, ölkədə uşaq hüquqlarının müdafiəsi istiqamətində atılmış addımlardan danışmışdır. Rektor demişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər görülmşdür. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də uşaqların problemlərinə xüsusi diqqət və qayğı göstərir.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, qanunların monitorinqi zamanı onların çoxunda bir sıra boşluqlar aşkarlanmışdır. Qanunlardakı çatışmazlıqları aradan qaldırmaq üçün bəzi hüquqi aktlara əlavələr və dəyişikliklər edilmiş, bəziləri üzərində davam edir. Ölkədə ailə və qadın problemlərinin, xüsusən də uşaqların problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində də mühüm addımlar atılır. Prezident İlham Əliyevin uşaq evlərindəki körpələrin ailələrə verilməsi, istedadlı uşaqların bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı fərman və sərəncamları buna əyani misaldır.
Komissiya sədri qeyd etmişdir ki, Azərbaycanda uşaqların problemi qeyri-hökumət təşkilatlarının da diqqət mərkəzindədir. Onlar da bir sıra layihələr həyata keçirməklə uşaqların problemlərinin həlində dövlətə kömək göstərirlər.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer demişdir ki, təmsil etdiyi qurum Azərbaycan hökumətinin müraciətinə əsasən 2007-ci ilin payızında ölkədə uşaq müdafiəsi sistemini təhlil etmiş və hesabat hazırlamışdır. Təhlil zamanı uşaqların müdafiəsi ilə bağlı mövcud qanunvericiliyin və görülən tədbirlərin beynəlxalq standartlara uyğunluğu nəzərdən keçirilmişdir.
Böyük Britaniyanın Esseks Universiteti, Uşaqların Hüquq Mərkəzinin direktoru Karolin Hamilton və başqaları çıxış edərək uşaqların müdafiəsi ilə bağlı ölkəmizdə aparılan müşahidələrdən, dünya təcrübəsindən danışmış, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini vermişlər.
Konfransda Nazirlər Kabinetinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının məsul işçiləri, Milli Məclisin komissiya sədrləri, deputatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.