ZAMAN KEÇDİKCƏ HEYDƏR ƏLİYEVİN SÖYLƏDİKLƏRİ HƏQİQƏT OLDU
Türkiyənin “Türksoyla İpəkyolu” jurnalının baş redaktoru və “FirstBusiness” jurnalının təsisçisi Seyfullah Türksoy Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı ölkəmizdə olmuş və səfər təəssüratlarını oxucuları ilə bölüşmüşdür.
AZƏRTAC “FirstBusiness.tv” saytına istinadla xəbər verir ki, jurnalist Azərbaycanın və xüsusilə də onun paytaxtı Bakının son dövrlərdə həddindən çox dəyişdiyini, gözəlləşdiyini, bütün sahələrdə inkişaf etdiyini yazır. Yeni körpülərin, yaraşıqlı mehmanxanaların tikilməsini, müasir iş yerlərinin açılmasını, park və bağçaların, istirahət məkanlarının istifadəyə verilməsini xüsusi ürək açıqlığı ilə vurğulayan S.Türksoy Bakını Qafqazın incisi və İstanbulu adlandırmışdır. Jurnalist Azərbaycanda baş verən hər böyük yeniliyi və dəyişikliyi gördükcə, 1997-ci ildə Heydər Əliyevdən aldığı müsahibədə ulu öndərin “Görəcəksiniz, Azərbaycan yaxın gələcəkdə çox böyük bir inkişaf yaşayacaq” sözlərini xatırladığını və zaman keçdikcə Heydər Əliyevin söylədiklərinin həqiqətə çevrildiyini yazır.
Ölkənin gəlirlərinin sürətlə artdığını, iqtisadiyyatda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xüsusi yerini diqqətə çatdıran S.Türksoy, Azərbaycanın hərbi büdcəsinin 1 milyard 300 milyon manata çatdırılmasının, təhsil büdcəsinin 1 milyard 150 milyona qaldırılmasının respublikada inkişafın bir nümunəsi olduğunu qeyd etmişdir. Azərbaycandakı siyasi, iqtisadi və digər sahələrdəki uğurların və inkişafın məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan jurnalist onu türk dünyasının böyük lideri adlandırmışdır.
Azərbaycanda olduğu müddətdə respublikanın ayrı-ayrı bölgələrini gəzmiş S.Türksoy əhalinin həyat tərzi ilə maraqlanmış, buradakı mesxeti türklərinə baş çəkmiş, İctimai Televiziya və Radio Yayımları Şirkətində olmuş, ziyalılarımız və sənət adamlarımızla görüşmüş, maraqlı reportajlar hazırlamışdır. Həmin materiallar “FirstBusiness” jurnalının növbəti buraxılışında, Türkiyənin “Kanal 7” televiziyasında yer alacaqdır.