CƏMİYYƏT
Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik xassəli çətənə olduğu güman edilən bitkinin qanunsuz əkilib-becərilməsi faktı aşkarlanıb
Bakı, 17 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə operativ reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyddə qoruğun əməkdaşları, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Zaqatala Sərhəd Dəstəsinin hərbiçiləri iştirak ediblər.
Reyd zamanı qoruğun Gərəkli sahəsinin 2 nömrəli dolayında narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 778 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz əkilib-becərilməsi faktı aşkarlanıb. Bitkilər qanunvericiliyə uyğun qaydada polis əməkdaşları tərəfindən götürülüb.
Qoruğun ərazisində xüsusi əməliyyat-axtarış tədbirləri davam etdirilir.