ZAQATALADA 2006-CI İLİN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, fevralın 16-da Zaqatala Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsini ziyarət etmiş, “Qala düzü” istirahət mərkəzində Zaqatala rayonunun sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olmuş, rayon icra hakimiyyətinin foyesində yaradılan Heydər Əliyev guşəsində ümummilli liderimizin büstü önünə gül-çiçək düzmüşlər.
Yığıncağın əvvəlində ulu öndərimiz Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevin Zaqatala rayonuna səfərinə və yeni yaradılmış “Zaqatala” internet saytına həsr olunmuş videofilmlər nümayiş etdirilmişdir.
Hesabat yığıncağında Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2006-cı ilin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə etmişdir. 2006-cı ilin ölkəmizin tarixində ən uğurlu illərdən biri olduğunu bildirən məruzəçi, Azərbaycanın iqtisadi inkişaf baxımından dünya dövlətləri arasında yenə də liderlik mövqeyini qoruyub saxladığını, ümumi daxili məhsul istehsalının əvvəlki ilə nisbətən 35 faiz artdığını, ölkənin valyuta ehtiyatlarının 4 milyard dollara çatdığını xüsusi qeyd etmişdir. Natiq bildirmişdir ki, ölkədə aparılan ardıcıl və məqsədyönlü iqtisadi islahatlar Zaqatala rayonunun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərmiş, məhsul istehsalının artmasına, xidmət sahələrinin inkişafına, insanların həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Ötən il rayonda 89,7 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 18,3 faiz çoxdur. İqtisadiyyatın inkişaf etməsi əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmış, il ərzində 699-u daimi olmaqla, 1453 yeni iş yeri yaradılmışdır. Hesabat ilində rayon əhalisinin pul gəlirləri 19,4 faiz artaraq, 105,9 milyon manata çatmış, adambaşına düşən pul gəlirləri 934 manat təşkil etmişdir.
Məruzəçi qeyd etmişdir ki, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi üçün mövcud təbii ehtiyatlardan və iqtisadi potensialdan daha səmərəli istifadə olunmalıdır. Təəssüflər olsun ki, səhmdar cəmiyyətlərə çevrilmiş iri sənaye müəssisələrinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrin fəaliyyəti qənaətbəxş deyildir. “Tütün”, “Ət”, “Konserv” və “Yağ-pendir” ASC-lərin istehsal fəaliyyəti ildən-ilə zəifləmiş, son 3 ildə isə həmin müəssisələrin fəaliyyəti tamamilə dayanmışdır.
Məruzədə Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il aprelin 12-də rayona səfərini, keçirdiyi görüşləri bir daha xatırladan icra başçısı bu səfərin Zaqatala və zaqatalalılar üçün yeni tarixi inkişaf dövrünün başlanğıcı kimi yadda qalacağını xüsusi vurğulamışdır. Məruzəçi qeyd etmişdir ki, səfərin yekunları ilə bağlı Azərbaycan Prezidentinin 2006-cı il iyunun 1-də imzaladığı “Azərbaycan Respublikası Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı rayonda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, eyni zamanda sosial problemlərin həllinə müsbət təsirini göstərməkdədir.
Hesabat yığıncağında Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev çıxış etmiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Yığıncağın işində Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev və Milli Məclisin deputatı Hikmət Atayev iştirak etmişlər.