Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs yaxalanıb
Bakı, 2 may, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının müəyyənləşdirilən müddətədək karantin rejimi qaydalarının təmin olunması məqsədilə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb.
Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun icazəsinin olmadığı müəyyənləşdirilib. Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər. Karantin rejimi qaydalarını pozduqları üçün onlar barədə qanunauyğun tədbirlər görülüb.