Zəfər Günü Bərdədə yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib
Bərdə, 8 noyabr, AZƏRTAC
44 günlük Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümü respublikanın hər yerində olduğu kimi, Bərdədə da yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Qələbənin üçüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Zəfərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Bu il isə antiterror tədbirləri zamanı Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq bayrağımız Xankəndidə, Xocalıda, Qarabağın hər yerində dalğalanır.
Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.
Tədbir konsert proqramı ilə davam edib.