Zəfər Günü Tərtərdə silsilə tədbirlərlə qeyd edilib
Tərtər, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü Tərtər rayonunda silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə noyabrın 8-də Tərtər şəhərindəki Şəhidlər Abidə Kompleksinin qarşısında bayram tədbiri keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etdi, bununla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına nail oldu. 44 gün ərzində Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə xəttindən çox uzaqda yerləşən ərazilərdə yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, xalqımızın birliyi və həmrəyliyi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində Qələbəyə nail olundu, 30 ilə yaxın işğal altında qalan torpaqlar azad edildi.
Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsində də tərtərlilər böyük dözüm və dəyanət nümayiş etdirdilər. Vətən müharibəsində Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq, Tərtər şəhəri də daxil olmaqla, rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb.
Zəfər Günü münasibətilə Tərtər rayonunda şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş tərtərlilərin ailələri ziyarət olunub.
Ulu Öndər Heydər Əliyevin adına parkda açıq havada bayram konserti təşkil olunub.