“Zəng”in növbəti mükafatı
Bakı, 1 may , AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi İran İslam Respublikasının Məşhəd şəhərində birinci “Cigi-Cigi” Beynəlxalq Perfomans və Sənət Festivalında iştirak edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutan bu sənət bayramına Dövlət Kukla Teatrı “Zəng” tamaşası ilə qatılıb.
Festivalda Azərbaycanla yanaşı, İspaniya, Almaniya, Çili, Çexiya, Türkiyə, Rusiya, İngiltərə, Tunis kimi ölkələrin teatr kollektivləri təmsil olunub. Fərqli teatr cərəyanlarının səhnə marafonunda uğurla yarışan ”Zəng” növbəti mükafatını qazanıb. Belə ki, nominasiyaların olmadığı birinci festivalda yüksək səviyyədə qarşılanan “Zəng” və yaradıcı heyətin hər bir üzvü festivalın təşkilat komissiyasının təsis etdiyi mükafata layiq görülüblər.
Festival iştirakçılarının böyük marağına səbəb olan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.