Zərdabda şəhidlərin xatirəsi anılıb
Zərdab, 26 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Zərdab rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon mədəniyyət müəssisələrinin iştirakı ilə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə iş sektorunun Zərdab rayonu üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Vəfa Bayramova çıxışında bildirib ki, Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsinin başlanmasından beş il ötür. Tarixi ədalətin bərpası yolunda haqq savaşımız hər bir azərbaycanlının şərəf günü və qürur mənbəyidir. İgid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya xalqımızın gücünü və qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana çevrildi.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Gödəkqobu kənd Diyarşünaslıq evinin metodisti, şəhid anası Təranə Paşayeva, Bəyimli qəsəbə klubunun direktoru, müharibə veteranı Vasif Dəmirov, Alcanlı kənd Diyarşünaslıq evinin metodisti, müharibə veteranı Fikrət Vəlizadə və Mərkəzi Kitabxananın əməkdaşı Namiq Səfərəliyev çıxış edərək, Azərbaycanın hər zaman şəhidlərinə ehtiramla yanaşdığını, onların qəhrəmanlığını uca tutduğunu bildiriblər.
Qeyd edilib ki, Vətən uğrunda canını fəda etmiş igidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Tədbirdə vurğulanıb ki, şəhidlik zirvəsi ən ali məqamlardan biridir və xalqımız Vətən uğrunda canından keçən qəhrəman övladlarını daim ehtiramla yad edəcək. Şəhidlərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Mərasimdə Zərdab rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, tədbirin aparıcısı Teyyub Xəlilov müəllifi olduğu “Anım Günü” şeirini səsləndirib.
Sonda şəhidlərin şərəfli döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.