CƏMİYYƏT
Azərbaycanlı velosəyyah And dağlarında 5 min metr hündürlükdəki yol keçidini qət edib VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycanlı məşhur velosəyyah Ramil Ziyadov Şimali və Cənubi Amerikada ən yüksək Vayrakasa yol keçidini qət edib.
Veloturçu AZƏRTAC-a bildirib ki, 5059 metrlik yüksəkliyə gedən yol bir neçə çətin aşırımdan ibarətdir. Vayrakasa hündürlüyü Peru ərazisində And sıra dağlarının bir hissəsidir. Hər il müxtəlif ölkələrdən çoxlu sayda velosəyyah bu yüksəkliyi keçmək üçün Peruya gedir.
Ramil Ziyadov bu hündürlüyə qalxan ilk azərbaycanlı olduğu üçün qürur hissi keçirdiyini və uğurunu 9 noyabr - Dövlət Bayrağı Gününə həsr etdiyini bildirib.
Artıq 3 ildir “Azərbaycan naminə” devizi ilə dünya səyahətinə çıxan R.Ziyadov Asiya və Avropanı qət etdikdən sonra Cənubi Amerikada turunu davam etdirir. Burada o, Kolumbiya, Ekvador, Venesuela və Peru ərazilərindən keçib. Ümumilikdə isə səyyah 47 min kilometr məsafəni qət edib.