REGİONLAR


“İdrak” liseyi ilə Cocuq Mərcanlı məktəbi birgə layihələr reallaşdıracaqlar

Bakı, 5 oktyabr, AZƏRTAC

“İdrak” liseyinin müəllim heyəti və şagirdləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Liseyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbədən sonra Cocuq Mərcanlı kəndində məskunlaşan həmvətənlərimizə dəstək olmaq, şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin rəhbərliyi, müəllim-şagird heyəti ilə görüşmək və elmi-pedaqoji əməkdaşlığa başlamaqdı.

Səfər iştirakçıları əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsini ziyarət edib, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşüblər.

Görüş zamanı “İdrak” liseyinin direktoru Mönsüm Alışov çıxış edərək bildirib ki, aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb və məhz dövlət başçısının xüsusi diqqəti nəticəsində qısa müddətdə kənddə böyük quruculuq işləri həyata keçirilib.

“İdrak” liseyinin pedaqoji heyətinin nümayəndələri səfər zamanı həmkarları ilə fikir mübadiləsi aparıb, liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət olub, dərslərdə iştirak ediblər.

Mönsüm Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara bu şərəfli işdə böyük nailiyyətlər arzulayıb.

Daha sonra “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompüter və proyektorlar məktəbə hədiyyə edilib.

Elə həmin texniki avadanlıqlar vasitəsilə liseyin müəllimləri bir neçə elektron dərs nümunəsi nümayiş etdiriblər.

Mönsüm Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin Cocuq Mərcanlı məktəbinə daim metodiki kömək göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, müxtəlif birgə layihələr həyata keçiriləcəyini, bu tədris ocağının “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını deyib.

Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev belə görüşün təşkil olunmasına görə qonaqlara minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.