REGİONLAR
Uzunömürlü və xoşbəxt evliliyin sirri: qarşılıqlı hörmət, sevgi və sədaqət VİDEO
Tərtər, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Tarixən zəngin adət-ənənələrə malik olan Azərbaycan ailəsi uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Qarşılıqlı hörmət, sevgi və sədaqət kimi dəyərləri özündə birləşdirən Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri Tərtər şəhərində 67 il əvvəl qurulan Mustafayevlər ailəsinin qonağı olub, uzunömürlü və xoşbəxt evliliyin sirləri ilə maraqlanıb. Hüseyn və Zərniyar Mustafayevlər 1951-ci ildə qurduqları ailənin uzun ömürlü olmasının səbəbini qarşılıqlı hörmətdə, sevgi və sədaqətdə görürlər. Onlar üç oğul, üç qız tərbiyə edib, boya-başa çatdırıblar. On beş nəvələri, on üç nəticələri var.
Hüseyn Mustafayev söhbət zamanı bildirib ki, 1926-cı ildə keçmiş Ağdərə rayonunun Dovşanlı kəndində anadan olub. 1944-cü ildə Böyük Vətən müharibəsi zamanı hərbi xidmətə çağırılsa da, Bakıda neft mədənlərində işləməyə göndərilib. 1949-cu ildə doğma kəndinə qayıdaraq musiqi ilə məşğul olub. Tar ifaçısı kimi el şənliklərinə, toylara gedib. Elə Zərniyar xanımı da toyların birində görüb, bəyənib, elçi düşüb.
O, ailə qurduqdan sonra Tərtərdə dəmirçi işləyərək yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vurub, ailəsinin dolanışığını təmin edib. Min bir əziyyətlə Tərtərdə özünə ev tikən Hüseyn kişi ailəsi ilə birlikdə bu rayona köçüb. Bu gün də tərtərlilər onu “Dəmirçi Hüseyn” kimi tanıyırlar.
Hüseyn kişi deyir ki, ailənin möhkəm olması üçün sağlam bünövrə, sevgi və mehriban münasibət əsas şərtdir: “Ailə müqəddəsdir. Bir dəfə qurulmalıdır. Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Sevgi olmasa, yaşayış da olmaz. Biz ailədə çox mehriban olmuşuq. Can deyib, can eşitmişik. Bir-birimizi başa düşüb, güzəştə getməyi bacarmışıq. Ailədə inam, sədaqət və dostluq olmalıdır. Qoy, cavanlar bizim kimi ailələrdən nümunə götürsünlər, dalaşmasınlar, ailələrini dağıtmasınlar”.
Zərniyar xanım da ailəsindən, ömür-gün yoldaşı ilə münasibətlərindən razılıqla danışır. Gözəl günlər yaşadıqlarını, Qarabağın yaylaqlarında xoş dövran sürdüklərini deyir. O, bu illər boyu bir-birilərinin qəlbinə toxunmadıqlarını deyir. Gənclərə, gənc ailələrə də mehriban olmağı tövsiyə edir. “Əsas odur ki, yeni ailə quran gənclər bir-birinə güzəştə getməyi bacarsınlar. Əgər bunu bacaracaqlarsa, həmin ailə də uzun ömürlü olacaq” - deyə, Zərniyar xanım bildirib.
Yaşayışları sadə, söhbətləri səmimi olan bu insanlarla sağollaşıb ayrılanda Hüseyn kişinin gənclərə xitabən dediyi sözlər lap yerinə düşdü: “Ta keçmişdən yeni ailə quranlara ağsaqqallar, ağbirçəklər “qoşa qarıyın” deyə alqış edərdilər. Mən də bütün ailə quranlara qoşa qarımağı arzulayıram - bizim kimi”.