Xaçmazlı təsərrüfatçılar taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar VİDEO
Xaçmaz, 6 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar. Bunun üçün “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə 13 min litrə yaxın herbisid gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mübarizə tədbirləri 10-15 gün ərzində bütün əkin sahələrində yekunlaşdırılacaq. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir.
Təsərrüfatçı Əbülfəz Abbasov bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir: “Hazırda əkin sahələrimizdə alaq otlarına qarşı mübarizə tədbirlərinə başlanılıb. Sarıçiçək və digər alaq otlarının inkişaf etməməsi üçün hər hektara 2,2 litr herbisid su ilə qatışdırılaraq çilənir. Daha çox yayılan alaq otlarından biri də vələmirdir ki, ona qarşı da xüsusi herbisid tətbiq olunur”.
Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev deyir ki, rayonun əkin sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri üçün “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyində kifayət qədər herbisid var. Mübarizə tədbirləri taxıl bitkisinin sünbül fazasına çatmasına qədər aparılmalıdır. Bu dövr taxılın əkinindən asılı olaraq mayın sonunadək davam edə bilər.
Cari ilin məhsulu üçün Xaçmazda 23 min 715 hektar sahədə taxıl əkilib. Bunun 17 min 622 hektarını buğda, qalanını isə arpa sahələri təşkil edir.