Gənclərlə iş sahəsində çalışacaq təlimçilər hazırlanır VİDEO
Qusar, 7 may, Elxan Yusifli, AZƏRTAC
Müxtəlif təşkilatlarda və “Gənclər evi” sosial xidmət müəssisələrində fəaliyyət göstərən gənclər Qusarda keçirilən “Gənclərlə iş sahəsində çalışacaq təlimçilərin hazırlanması təlim”lərinə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş günlük təlimlər Gənclər və İdman Nazirliyinin Paris Sorbon Universitetinin Panteon I Sorbon Biznes Məktəbi ilə əməkdaşlığı çərçivəsində təşkil edilib.
Mayın 7-də Qusar Olimpiya İdman Kompleksində təlimlərlə əlaqədar keçirilən tədbirdə gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək, Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Gəncliyi 2015-2025-ci illərdə” Strategiyası icra olunur. Gənclər sahəsində çalışan şəxslərin peşə biliklərinin artırılması, təkmilləşdirilməsi bu sənəddə öz əksini tapıb. Bu kimi təlimlər də həmin strategiya çərçivəsində reallaşdırılır.
Nazirliyin sektor müdiri Elşən Hüseynov çıxışında qeyd edib ki, təlimlər altı mövzu üzrə aparılır. Gənclər layihələrin hazırlanması və maliyyələşdirilməsi üzrə yeni metodların öyrənilməsi və tətbiqi, yeni təlim üsullarının hazırlanması və gənclərlə iş sektoruna tətbiq edilməsi, təlimçilərin gənclərlə iş sektoru arasında əlaqələrinin səmərəliliyinin artırılması üçün onların fəaliyyətinin sintezi və qiymətləndirilməsi, gənclərlə iş sahəsi üzrə mütəxəssislər üçün yeni təlim proqramlarının və layihələrinin hazırlanmasında mənfəətlərin əldə olunması, vasitələrin və onların yollarının araşdırılması, liderlik idarəetmə nəzəriyyələrinin qiymətləndirilməsi və təlim modullarının tətbiqi, liderlik ünsiyyəti menecmenti və komanda qurulması modellərinin araşdırılması və qiymətləndirilməsi kurslarda öyrədilən əsas istiqamətlərdir.
Paris Sorbon Universitetinin professoru Florent Pratlong təlimlərin əhəmiyyətindən danışaraq, birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirilib ki, təlimlər gənclərin müxtəlif sahələrdə biliklərinin, təcrübələrinin artırılmasına yönələn addımdır.
Mayın 9-da yekunlaşacaq təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.