Azərbaycan dilinə çevrilmiş 30 Misir nağılı və ona çəkilən rəsmlər
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və nəşrə çəkilən rəsm əsərlərinin sərgisi keçirilib.
Kitab Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi əsasında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində keçirilən tədbirdə kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova layihənin məqsəd və əhəmiyyətindən geniş söhbət açaraq kitabın ərsəyə gəlməsini bu layihənin davamı olduğunu və bununla yanaşı, kitabda yer alan rəsm əsərlərinin Misirdə də sərgiləndiyini diqqətə çatdırıb. Bildirib ki, layihənin məqsədi uşaqları gələcəyimiz naminə düzgün maarifləndirməkdir. Eyni zamanda, uşaqları antik sivilizasiyaların beşiklərindən hesab edilən qədim Misir mədəniyyəti ilə tanış etmək, nağıllar vasitəsilə uşaqların dünyagörüşünü artırmaq, dünya uşaq ədəbiyyatına mütaliəni həvəsləndirmək və istedadlı uşaqları üzə çıxarmaqdır.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin əhəmiyyətini qeyd edərək son dövrlər həyata keçirilən layihələrin uşaq və yeniyetmələrin dünyagörüşündə, maariflənməsində, ümumiyyətlə hərtərəfli inkişafında kitabxanaların əvəzolunmaz rolunu vurğulayıb.
Misirin ölkəmizdəki səfiri Adel İbrahim Ahmed layihədə zəhməti olanlara minnətdarlığını bildirib və Azərbaycanda Misir nağıllarının böyük rəğbət qazanmasından məmnunluğunu ifadə edib. Bildirib ki, kitab Misirin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında layihənin uşaqların istedadlarının kəşf edilməsi və xüsusilə də təxəyyüllərinin daha da zənginləşməsi baxımından səmərəli olduğunu söyləyib.
Qeyd edilib ki, kitaba 30 Misir nağılı daxil edilib. Layihənin maraq doğuracaq cəhətlərindən biri də Misir nağıllarının Azərbaycan dilində verilməsi, həmçinin nağıllara çəkilən rəsmlərin uşaqlara məxsus olmasıdır.
Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. Kitabın redaktoru Salam Sarvandır. Layihənin rəhbəri və tərtibçiləri Əməkdar mədəniyyət işçiləri Şəhla Qəmbərova və Zahirə Dadaşovadır.