Pekində 28 May Respublika günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO
Pekin, 29 may, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyi 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov 1918-ci il mayın 28-də qurulan və müsəlman dünyasında ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik tariximizdə xüsusi yer tutduğunu deyib. Bildirib ki, 23 aylıq mövcudluğu dövründə böyük nailiyyətlərə imza atmağa nail olan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarını təmin edib, siyasi, iqtisadi, ordu quruculuğu, təhsil sahələrinə böyük nailiyyətlər əldə edib, bir çox qərb ölkələrindən də əvvəl qadınlara seçki hüququ verib.
Nazir müavini 1919-cu il iyulun 9-da AXC-nin diplomatik xidmət orqanının təsis olunduğunu bildirərək, Paris Sülh Konfransında Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasının Azərbaycanın diplomatiya tarixində ən böyük uğurlardan biri olduğunu diqqətə çatdırıb.
R.Həsənov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın daxili və xarici təhdidlərlə üzləşdiyini, ərazisinin 20 faizinin təcavüzkar Ermənistanın işğalı altında düşdüyünü deyib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində Azərbaycan ağır dövrü arxada qoyaraq, inkişaf yoluna qədəm qoya bilib.
Xarici dövlətlərlə qarşılıqlı hörmət və etimada, dostluğa əsaslanan əməkdaşlığın qurulmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən R.Həsənov, bu xüsusda ölkə rəhbərliyinin Çin Xalq Respublikası (ÇXR) ilə əlaqələrin inkişafına verdiyi diqqətdən danışıb.
İki ölkə arasında əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirən Xarici İşlər nazirinin müavini, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmlənməsinə böyük töhfələr verdiyini deyib. Prezident İlham Əliyevin ötən ay Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı və ÇXR Sədri Si Cinpin ilə görüşünü yada salan R.Həsənov, Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasına hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan sənədlərdən biri də "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu olub.
Bildirilib ki, dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq əlaqələrimizin digər sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, turizm istiqamətlərində də inkişafına yol açır.
Çin Xarici İşlər nazirinin müavini Can Hanhuy hökuməti adından dost Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Nazir müavini Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında siyasi sabitliyə və davamlı iqtisadi tərəqqiyə nail olduğunu, qlobal nüfuzunun yüksəldiyini bildirərək, Çinin dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırıb: “Biz inanırıq ki, İlham Əliyevin liderliyi ilə Azərbaycan inkişaf yolunda daha böyük uğurlar qazanacaq”.
Nazir müavini Can Hanhuy 27 il əvvəl Çin ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından sonra münasibətlərimiz xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etdiyini deyib. Yüksək səviyyəli mübadilə, qarşılıqlı siyasi etimad, səmərəli əməkdaşlıq gündən-günə güclənir. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı və ÇXR Sədri Si Cinpin ilə görüşü ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar açıb.
Çin rəsmisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ay Pekinə, Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van Yinin Azərbaycana səfərləri də daxil olmaqla, qarşılıqlı səfərlərin əməkdaşlığımızın dərinləşməsində böyük rol oynadığını deyib .
Can Hanhuy ölkəsinin Azərbaycanla dövlət başçıları arasında əldə olunan razılaşmaların icrası istiqamətində işini, habelə ənənəvi dostluq münasibətlərimizin və əməkdaşlığımızın daha da möhkəmlənməsinə səylərini davam etdirəcəyini diqqətə çatdırıb.
Sonra incəsənət ustalarının ifasında "Azərbaycanın ruhu" konsert proqram təqdim olunub. Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri - Əməkdar artistlər Elnur Süleymanov, Viktoriya Şahmuradova, Günel Şeyxova, habelə Əziz Əliyev, Nigar Mirzəyeva kollektivin baletmeysteri, Əməkdar artist Ceyhun Qubadovun rəhbərliyi altında milli rəqslərimizi ifa ediblər.
"Muğam" instrumental ansamblının rəhbəri, Əməkdar artist Sahib Paşazadə, Əməkdar artist Toğrul Əsədullayev və Nərgiz Əliyeva, nağarada Emin Cəbrayılov və xanəndə Kamilə Nəbiyevanın ifasında muğamlarımız, xalq və bəstəkar mahnıları, Avropa musiqisi səslənib. Sahib Paşazadənin solo ifasında təqdim olunan Çin musiqisi böyük maraqla qarşılanıb.
Ziyafətdə milli mətbəximizin təamları, o cümlədən plov, dolma, kabab, milli şirniyyatlardan paxlava və şəkərbura, Azərbaycan istehsalı olan şərablar təqdim edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin