REGİONLAR
Masallıda 38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır VİDEO
Bakı, 19 iyun, AZƏRTAC
Masallı rayonunda 16 kilometrlik Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. IV texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrədək genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri, öz növbəsində, bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Hazırda avtomobil yolunda asfaltlanma işləri görülür, yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kvadratmetr sahəsini əhatə edir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə müxtəlif diametrlərə malik 11 suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı kilometrində yerləşən 46 poqonmetr uzunluğunda olan avtomobil körpüsü təmir edilib.
Layihənin sonuncu mərhələsində yolboyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.