Xaçmazda turizm əhəmiyyətli yolun tikintisi bu il başa çatdırılacaq VİDEO
Xaçmaz, 20 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda 12 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik yolun tikintisi cari ilin sonuna kimi yekunlaşdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulduqdan sonra 13 minədək sakinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq.
Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu turizm əhəmiyyətlidir. Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq.
Hazırda yolun Qarğalıq və Ağçay kəndləri ərazisindən keçən hissəsində torpaq yatağının bərkidilməsi işləri aparılır. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək.