REGİONLAR
Tərtər Olimpiya İdman Kompleksinin tikintisi bu il başa çatdırılacaq VİDEO
Tərtər, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda 44-cü Olimpiya İdman Kompleksi cəbhə bölgəsində yerləşən Tərtər şəhərində inşa edilir. Prezident İlham Əliyev fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Tikintidə iş icraçısı Atamalı Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgücülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilir. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar olacaqdır. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdırılıb. İdman qurğusunun ərazisində min tamaşaçı yerlik stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət-buraxılış məntəqəsi də inşa olunur.
Artıq tikinti işlərinin 70 faizi görülüb. Hazırda kompleksin inşasında 140-dan çox işçi çalışır. Olimpiya İdman Kompleksində tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq.