Biləsuvar rayonunun Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu yenidən qurulur VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 13,2 kilometr təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Layihə çərçivəsində yolun 1-5 və 12-13-cü kilometrlik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0,8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır. Tikinti zamanı mövcud suötürücü borular bərpa edilir, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular inşa olunur. Ümumilikdə 286 poqonmetr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələbləri əsasında yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtük döşənir.
Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.