12 NOYABR KONSTİTUSİYA GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Bu il Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin səkkiz ili tamam olur.
Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu cənab Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Əsas Qanunumuz xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək, Azərbaycan dövlətinin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hakimiyyətlərin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılmış, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılmışdır.
Bu gün Azərbaycan dövləti demokratik dəyərlərə əsaslanan azad vətəndaş cəmiyyətinin bərqərar edilməsi naminə Konstitusiyanın əsas müddəalarının dönmədən həyata keçirilməsinə, onların reallaşdırılması üçün zəruri hüquqi-normativ baza və siyasi mühit yaradılmasına, bu müddəalara dolğun məzmun verilməsinə çalışır, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının yeniləşməsində onun açdığı geniş imkanlardan səmərəli istifadə olunmasına böyük əhəmiyyət verir.
Azərbaycan Konstitusiyası dolğun və mükəmməl olmaqla yanaşı, dinamik bir sənəddir, həyatımızın yeniləşməsi və tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr dövlət və cəmiyyətin hüquqi əsaslarının inkişafında baş vermiş dəyişiklikləri əks etdirdi, insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaratdı, Əsas Qanunumuzu müasirləşdirdi və zənginləşdirdi.
Konstitusiyamızın əsas prinsiplərinin və müddəalarının vətəndaşlarımız tərəfindən dərindən öyrənilməsi, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuza tamamilə uyğunlaşdırılması və onun yaratdığı təminatların reallaşdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.
Əmin olduğumu bildirirəm ki, Azərbaycanın hər bir vətəndaşı yeniləşən həyatımızın bütün sahələrində Konstitusiyanın müəyyən etdiyi prinsiplərin və başlıca müddəaların ardıcıl və tam surətdə tətbiq olunmasına böyük məsuliyyət hissi ilə kömək göstərəcəkdir.
Əziz həmvətənlər!
Sizi Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2003-cü il.