Peşəkar arıçı Kərimağa İbrahimov: Arıçılara verilən subsidiya bu sahənin inkişafını sürətləndirir VİDEO
Astara, 1 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Zəngin floraya malik olan Astara rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Ölkəmizin əksər bölgələrində olduğu kimi Astarada da arıçılıq qədim tarixə malikdir. Bölgənin digər rayonlarında olduğu kimi, astaralı arıçılar da bəslədikləri arı ailələrindən mövsümün ilk balının tədarükünü iyunun sonunda yekunlaşdırıblar.
AZƏRTAC xəbər verir ki, Astaranın müxtəlif yaşayış məntəqələrində saxlanılan arılar və onun məhsulları hər yerdə tanınır. Bu ünvanlardan biri də rayonun Miki kəndidir. Kərimağa İbrahimov bu kənddə peşəkar arıçılardan sayılır. İbrahimovlar ailəsi dədə-babadan arıçılıqla məşğul olur. Hazırkı təsərrüfat ona atasından qalıb və illər sonra zəhməti hesabına daha da genişləndirib. İki oğlunu və yaxın qohumlarını ətrafına toplayan peşəkar arıçının təsərrüfatında 300-dən çox arı ailəsi var.
K.İbrahimov özünü ölkədə 3-4 iri arı təsərrüfatı olan arıçılardan biri hesab edir. O, illərdir təmiz və xalis bal hasilatında təcrübəyə malik olduğu üçün müştəriləri də çoxdur. May balı iyunun əvvəlində süzülsə də K.İbrahimov balı hər il iyunun sonuncu həftəsi süzür: “Hazırda biz süzümə başlamışıq, süzdüyümüz bal may balı hesab olunur. Bu il də orta məhsuldarlıq yaxşıdır. Biz arıları gəzdirmişik. Gəzdirməsəydik məhsul götürə bilməzdik. Bu il hər arıdan orta hesabla 10-15 kiloqram, güclü arı yeşiklərindən isə 20 kiloqram məhsul götürə biləcəyik”.
Peşəkar arıçı deyir ki, respublikamızın təbii-coğrafi və iqlim şəraiti, eyni zamanda, bitki örtüyünün müxtəlifliyini nəzərə alaraq arı ailələrinin normal inkişafını təmin etmək üçün onların mövsüm ərzində azı 5 dəfə köçürülməsini təmin etmək lazımdır: “Aprel və may aylarında arılarımızı Masallı ərazisindəki yoncalıqlara aparırıq. Astara rayonunda da belə yoncalıqlar çoxdur. Lakin bu bizə kifayət etmir. Çünki arıçılıq bizim rayonda yüksək inkişaf etdiyi üçün arıçıların sayı çoxdur. May ayının balını biz təbii yoncadan götürürük. Sonra arıları cökə meşəsinə gətiririk. Arıları daha sonra həndəmura meşəsinə, ayın sonunda isə Biləsuvar rayonu ərazisinə aparacağıq. Avqustun əvvəlində isə yeşiklərimizi dağlara aparacağıq”.
Arıçılar məhsulun satışını əsasən evdə və yarmarkada həyata keçirirlər. Arıçı deyir ki, əvvəllər yarmarkada keyfiyyətsiz bal satılırdı. Biz arıçılar belə işbazları tanıyırıq, vətəndaşlar isə yox. Hazırda isə belə deyil. Hər il laboratoriyadan keçən ballar yarmarkaya buraxılır. Xalis bal istəyənlər bu yarmarkada bizim məhsulları ala bilərlər.
K.İbrahimov arıçıların da izafi xərclərinin olduğunu deyir. Arıçılar hər il çərçivələr və arı yeşikləri sifariş verir, müxtəlif dərmanlar alırlar. Bundan əlavə nəqliyyat xərcləri də var. O, subsidiyanı xərclərin bir hissəsini ödəmək üçün mühüm dəstək hesab edir: “Ölkə başçısına təşəkkürümüzü bildiririk. Çox sağ olsun ki, arıçılara qayğı və diqqət göstərir, bizi ruhlandırır. Mən bundan sonra da çalışacağam ki, öz arıçılıq təsərrüfatımı genişləndirim və təmiz bal istehsal edim. Kənd Təsərrüfatı Nazirliyi də bizə daim dəstək olur. Bal yarmarkaları təşkil edilir və biz məhsulumuzu orda sata bilirik”.
K.İbrahimovun oğlu Coşqun İbrahimov isə il ərzində təsərrüfata lazım olan xərclərdən danışıb: “Bu il ötən ilə nisbətən bal bir az azdır. Hər çərçivədən bir kiloqram və ya 2 kiloqramadək bal götürmüşük. Balı münasib qiymətə - 25-30 manata satırıq. Amma bu işlər asan başa gəlmir. Bir arı ailəsinə 150-200 manat xərcimiz çıxır”.
Astara rayonunda 1200-dən çox arıçı var. Onların təsərrüfatlarında isə ümumilikdə 27 minədək arı ailəsi var. Ölkəmizdə isə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb. 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır.