CƏMİYYƏT
Rasim Səttarzadə: Plastik torbalarla bağlı təkliflər planı hazırdır və razılaşdırma mərhələsindədir VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, plastik qablaşdırma materiallarından istifadənin tədricən məhdudlaşdırılması, yüngülçəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiq olunması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri müvafiq dövlət qurumlarına təqdim edilib. Hazırda təkliflər razılaşdırma mərhələsindədir. Tezliklə qəbul olunsa, biz onların idarə olunmasında və məhdudlaşdırılmasında böyük irəliləyişə nail ola bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə sentyabrın 25-də keçirilən mətbuat konfransında deyib.
Şöbə müdirinin sözlərinə görə, ətraf mühitin çirklənməsində daha çox paya malik, çox yüngül çəkili polietilen torbalardan istifadənin qadağan olunması ilə bağlı layihə isə razılaşdırma mərhələsindən keçib.
Nazirlik vətəndaşları polietilen torbalardan imtinaya, alış-veriş zamanı parça torbalardan və həsir zənbillərdən istifadəyə çağırır.