15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ SƏBAİL RAYONUNDA TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan Respublikasının tarixində hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edən 15 iyun - Milli Qurtuluş günü Səbail rayonunda təntənəli şəkildə qeyd edilmişdir.
Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Badamdar qəsəbəsindəki Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur. Sahəsi min kvadratmetrdən çox olan parkda gözəl fəvvarə, səhnə quraşdırılmış, 2 böyük və 5 kiçik istirahət meydancası düzəldilmiş, burada 150-dən çox yeni ağac və yüzlərlə bəzək kolu və gül əkilmiş, yaşıl ot örtüyü salınmış, yaşlı sakinlərin və uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.
Parkdakı meydançalarda rayonun musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzinin, uşaq-gənclər idman məktəbinin, müxtəlif özfəaliyyət dərnəklərinin nümayəndələri nümunəvi çıxışlar göstərmiş, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi balacalar qarşısında çıxış etmiş, tədbir boyu Hərbi Dəniz Qüvvələri hərbi orkestrinin canlı ifası səslənmişdir.
Axşam saatlarında parkda Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Səbail rayonunda yaşayan rus və tatar icmalarının folklor ansambllarının, populyar müğənnilərin iştirakı ilə konsert olmuşdur.
Parkda quraşdırılmış böyük ekranda ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun aynda Bakıya gəlişi, həmin ilin 22 sentyabrında Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşündəki nitqindən parçalar, ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə həyata keçirilən irimiqyaslı işlərin əks olunduğu video görüntülər nümayiş etdirilmişdir.
Tədbir atəşfəşanlıqla başa çatmışdır.
######
![]() |
![]() |

