15 İYUN YENİ TARİXİMİZİN BAŞLANĞICIDIR
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Xətai Rayon İcra Hakimiyyəti Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirin iştirakçıları əvvəlcə Ukrayna meydanı yaxınlığında yenidən qurulmuş Heydər Əliyev parkına gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Burada quraşdırılmış monitorda müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov vurğulamışdır ki, 15 İyun günü xalqımızın dövlətçilik tarixinin ən şərəfli və unudulmaz səhifələrindən biridir. Bu əziz gündə Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevin Vətənimiz qarşısında müstəsna xidmətlərini dərin ehtiram hissi ilə bir daha yada salır.
Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, professor Səməd Seyidov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professor Adil Babayev Milli Qurtuluş gününün siyasi əhəmiyyətinə dair məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, ümummilli liderimizin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 İyun günü Azərbaycan xalqının azadlıq mücadiləsinin tarixinə əbədi həkk olmuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xoşbəxt gələcəyinin əsasını qoymuşdur. Xalqımız dəhşətli faciələrdən xilas olmuş, vətəndaş müharibəsinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Ordu quruculuğu istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, cəmiyyət və dövlət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmış, yeni neft strategiyası işlənib hazırlanmış, “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan tarixi İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi kimi nəhəng transmilli layihələrin həyata keçirilməsində aparıcı mövqe tutmuşdur. Respublikamız nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunmuşdur. Azərbaycan beynəlxalq birliyin mötəbər üzvünə çevrilmişdir.
Fərəhlə qeyd olunmuşdur ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafını davam etdirir. Ölkə iqtisadiyyatında mövcud olan inkişaf dinamikası qorunub saxlanılır, ümumi daxili məhsul istehsalı ilbəil sürətlə artır, sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın digər sahələrinin potensialı güclənir. Azərbaycanın dövlət büdcəsi gəlirlərinin çoxalması əhalinin rifah halının daha da yaxşılaşmasına, əmək haqlarının, müavinətlərin və pensiyaların artırılmasına imkan yaradır.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənir, haqq işimizin dəstəklənməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə təminat yaradır.
Müdrik Azərbaycan xalqı Heydər Əliyev strateji inkişaf xəttini davam etdirmək naminə ölkəmizin başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir və inanır ki, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti onu daha xoşbəxt və gələcəyə qovuşduracaqdır.
######
