RƏSMİ XRONİKA
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı yəhudilərin ölkəmizin dəyərli vətəndaşları olduqlarını qeyd etdi, digər dini və etnik icmaların nümayəndələri kimi onların da Azərbaycanda əsrlərboyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşadıqlarını bildirdi.
Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.