CƏMİYYƏT
FHN-in xilasediciləri Lənkəranda binada liftin şaxtasına düşərək xəsarət almış şəxsi xilas ediblər VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Lənkəran şəhərində tikintisi başa çatmamış binada liftin şaxtasına düşərək xəsarət almış şəxs nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas olunub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində bir nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın zirzəmisində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb edilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.