“Qarabağ ilmələrdə” layihəsi Gəncədə VİDEO
Gəncə, 5 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycan Jurnalistlər Şəbəkəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” ASC-lər xüsusi layihəyə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qarabağ ilmələrdə” adlanan sosial layihə çərçivəsində “Qarabağ xalçası” 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq.
Çoxlu sayda vətəndaşların qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və “Qarabağ ilmələrdə” adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.
Yekunda, 8 Noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.