QAN YADDAŞI
1918-ci ilin mart qırğını ermənilərin tarixən Azərbaycan xalqına həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir
Ağsu, 30 mart (AZƏRTAC). Ağsuda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müxtəlif nəslin nümayəndələrinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra “Azərbaycan xalqına qarşı törədilmiş qətliamlar” mövzusunda məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Əsas diqqət 1813-cü və 1828-ci illərdə bağlanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrinə, bu müqavilələrdən sonra 130 min nəfərədək erməninin İran və Türkiyədən köçürülüb İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırıldığına, bu zaman Azərbaycan türklərinin öz dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarıldıqlarına cəlb edilmişdir. Qeyd olunmuşdur ki, 1828-ci il martın 21-də Rusiya imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədəki fərmanı artıq azərbaycanlılar üçün gələcək dəhşətli günlərin əsasını qoymuşdur. Xüsusilə XX əsrin əvvəllərindən başlayaraq ermənilər xalqımıza qarşı planlı şəkildə etnik təmizləmə siyasəti aparmış, mərhələli surətdə kütləvi qətliamlar törətmişlər.
1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilən növbəti soyqırımı faktlarına diqqəti cəlb edən natiqlər o zaman Ağsu ərazilərinin də daxil olduğu Şamaxı qəzasında ermənilərin qəza mərkəzini və 86 kənd yaşayış məntəqəsini dağıtdıqlarını, insanların kütləvi surətdə qətlə yetirildiklərini bildirmişlər. Fövqəladə İstintaq Komissiyasının təkcə 53 kənddə apardığı araşdırmaların nəticələrinə görə 8027 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüşdür. Onlardan 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqlar olmuşdur.
Tədbirdə ötən əsrin axırlarında ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri daha bir dəhşətli soyqırımı mərhələsindən də bəhs edilmişdir. Bildirilmişdir ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan xain düşmənlərimiz öz havadarlarının köməyi ilə on minlərlə azərbaycanlını öldürmüş, şikəst etmiş, torpaqlarımızın 20 faizini işğal edərək bir milyondan çox insanı öz dədə-baba yurdlarından qaçqın-köçkün salmışlar.
Dağlıq Qarabağın işğalı zamanı törədilmiş əsrin faciəsi olan Xocalı soyqırımı, etnik təmizləmə siyasəti erməni vəhşiliklərinin ən dəhşətli nümunələrindəndir.
Yığıncaqda Dağlıq Qarabağın işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu günədək yerinə yetirilməməsi dünyanın aparıcı dövlətlərinin hadisələrə ikili standartlar mövqeyi ilə izah edilmişdir.
Belə bir fikir vurğulanmışdır ki, artıq zaman deyişmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət, ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycanın hərbi qüdrətinin artması gec-tez erməniləri öz yerlərində oturdacaq, yağı düşmən törətdiyi qanlı əməllərə görə cavab verməli olacaqdır.
Sonda tədbir iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.