2018-ci ildə 10,5 milyon qaçqına tibbi yardım göstərilib
Bakı, 19 iyul, AZƏRTAC
Qaçqınların sayının rekord səviyyəyə çatmasına baxmayaraq, bu göstərici artmaqda davam edir. Keçən il təqribən 10,5 milyon qaçqın səhiyyə sahəsində ictimai proqramları və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) layihələri vasitəsilə tibbi yadım alıb.
AZƏRTAC xəbər verir ki, BMT QAK-ın hesabatında qaçqınların və sığınacaq istəyənlərin tibbi xidmətlər, qidalanma, içməli su və gigiyena vasitələri ilə təmin olunması barədə rəqəmlər əksini tapıb. BMT QAK-ın nümayəndəsi Corc Okot-Obbo deyib: “Qaçqınların 84 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşır. Halbuki həmin ölkələr özləri çətinliklərə məruzə qalır. Ona görə də qaçqınları ən zəruri vasitələrlə təmin etmək üçün bu ölkələrin milli maliyyə sistemlərinə kömək etmək lazımdır”.
Məruzədə göstərilir ki, yaşı 5-dən aşağı olan qaçqın uşaqlar arasında ölüm halları azalmaqda davam edir. Bu, əhalinin sağlamlığının qorunması proqramlarının səmərəliliyinin mühüm indikatorudur. 2017-ci ildə bu göstərici hər min uşaq üçün 0,4-ə bərabər idisə, 2018-ci ildə azalaraq 0,3-ə düşüb. Bununla belə, nəzərə almaq lazımdır ki, qaçqınların, o cümlədən Myanma, Cənubi Sudan, Konqo Demokratik Respublikası və digər ölkələrdən olan qaçqınların sayı artmaqda davam edir.
Qaçqınları qəbul edən ölkələrdə bu insanların əksəriyyəti vərəm, İİÇV və malyariyaya qarşı peyvənd almaq və müalicə olunmaq üçün yerli əhali ilə eyni səviyyədə imkanlar əldə edir.
Reproduktiv sağlamlıq, o cümlədən ailə planlaşdırması sahəsində xidmətlərlə qaçqınların təmin edilməsinə yönəldilmiş səylərdə öz nəticəsini göstərir. QMİ-nin səhiyyə sahəsində öz proqramlarını həyata keçirdiyi ölkələrin 80 faizində qaçqın ailələrindən olan uşaqların 90 faizi müvafiq qaydada təchiz olunmuş tibb müəssisələrində və ixtisaslı işçilərin iştirakı ilə dünyaya gəlib. Ekspertlər xatırladırlar ki, bu, ana və uşaq ölümü göstəricilərini, habelə ölüdoğulma hallarının azaldılmasının əsas şərtidir.
Lakin yoluxucu xəstəliklərin yayılması ilə əlaqədar vəziyyət məruzə müəlliflərini narahat edir. Keçən il QMİ və bu təşkilatın tərəfdaşları Banqladeşdə difteriya və qızılcanın, habelə Keniya və Uqandada vəbanın qarışını almağa yönəlmiş tədbirlər görüblər.
BMT beynəlxalq birliyə müraciətlə dünyanın 131 ölkəsində yaşayan qaçqınların tibbi xidmətlərlə təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırır. Bu məqsədlə cari ildə 8,636 milyard dollar tələb edilib, lakin indiyə qədər həmin məbləğin yalnız 30 faizi ayrılıb.