CƏMİYYƏT
“20 ilin Zəfər yolu” - Respublika Veteranlar Təşkilatında bayram tədbiri
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “20 ilin Zəfər yolu” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Birinci Qarabağ müharibəsi, 44 günlük Vətən müharibəsi və digər kateqoriyadan olan veteranlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək 8 Noyabr Zəfərinin tarixi önəmindən bəhs edib. Azərbaycan Silahlı Qüvvələrinin Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz Qələbəyə imza atdığını bildirən polkovnik bu Zəfərin dünya hərb tarixində müstəsna yer tutduğunu, əsrlər sonra da öz nadirliyi ilə dünyanı heyrətləndirməkdə davam edəcəyini bildirib.
Zəfərin üçüncü ildönümü münasibətilə Müzəffər Ali Baş Komandanı, eləcə də bütün Azərbaycan xalqını təbrik edən polkovnik C.Xəlilov Zəfəri xalqımıza bəxş edən şəhid və qazilərin tarixi fədakarlığının heç vaxt unudulmayacağını, daim ehtiram hissi ilə yad ediləcəyini bildirib.
Respublika Veteranları Təşkilatının sədri Fatma Səttarova Prezident İlham Əliyevi 8 Noyabr Zəfərinin baş memarı adlandırıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün müddətində erməni faşizmini darmadağın etdiyini bildirib. Dövlətimizin başçısı İlham Əliyevin Ata vəsiyyətini, xalqın ümid və gözləntisini reallığa çevirdiyini bildirib. Fatma Səttarova bayram münasibətilə ölkə rəhbərini, həmçinin Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət diləyib.
Veteranlar 8 Noyabr Qələbəsinin hərbi-siyasi, habelə, tarixi əhəmiyyətindən bəhs edib, bu Zəfərin özü ilə gətirdiyi yeni reallıqlara toxunub.
Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup şəxsə təşkilatın üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.