Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib VİDEO









Bakı, 20 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri paytaxtın Nərimanov rayonunda Nazim Hacıyev küçəsi 34 ünvanında yerləşən “Rav” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim “Şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.
Təlimdə şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilməməsi müəyyən olunub. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.
Nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi saxlanılmaqla, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.