İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvləri saxlanılıb VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
İranda yaşayan narkotacirlərin Xəzər rayonunda daha bir dəstəsi ifşa edilib. İranda yaşayan həmin şəxsin əməliyyat yolu ilə əldə edilmiş səs yazıları da yayılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı saxlanılıblar. Əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.
Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı bir kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov vmə Fuad Qasımov isə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı saxlanılıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.