Yol qəzasında həlak olan polis əməkdaşı Şamaxıda dəfn edilib - YENİLƏNİB VİDEO
Bakı, 20 sentyabr, R.Türkoğlu, AZƏRTAC
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu ərazisində ağır yol qəzası nəticəsində həlak olan polis əməkdaşlarından biri - 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlunun nəşi Şamaxının Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Seyfi Abdullayevin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.
12:46
Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol qəzası nəticəsində həlak olan polis əməkdaşlarından biri - 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlunun nəşi bu gün Şamaxı şəhərinə gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı şəhər Cümə məscidində böyük izdihamla cənazə namazı qılındıqdan sonra, mərhum dəfn olunması üçün Şamaxının Qaleybuğurd kəndindəki ata yurduna aparılıb.
Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.