Son üç ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verilib VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara bir daha videomüraciət edib.
AZƏRTAC xəbər verir ki, videomüraciətdə deyilir:
“Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə səbəb olmasının və ya cinayətin alətinə çevrilməsinin hüquqi və mənəvi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş son üç ildə könüllü olaraq polis orqanlarına 553 odlu silah və 80 minə yaxın döyüş sursatı təhvil verib. Bununla belə daxil olan məlumatlar göstərir ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. Bir daha nəzərə çatdırılır ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqlar”.