İQTİSADİYYAT
29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”də iştirak edən şirkətlər sərginin imkanlarından yararlanırlar
![29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”də iştirak edən şirkətlər sərginin imkanlarından yararlanırlar](/files/2024/2/1200x630/17176944015870920419_1200x630.jpg)
Bakı, 6 iyun, AZƏRTAC
“Profi TOOLS” MMC şirkəti Çinin termal kameralar istehsal edən “Hikmicro” şirkətinin Azərbaycandakı rəsmi distribütorudur. Şirkət ölçü cihazlarının satışı ilə məşğuldur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində iştirak edən “Profi TOOLS” MMC şirkətinin nümayəndəsi İntiqam Məmmədov deyib.
O qeyd edib ki, hazırda regionlarda, xüsusən də Qarabağda və işğaldan azad edilmiş ərazilərdə görülən işlər nəticəsində müəyyən qurğularda, cihazlarda, o cümlədən boru kəmərlərində, panellərdə dəqiq ölçmə aktual məsələlərdən biridir: “Bu məsələnin həlli üçün şirkətimiz dünya brendlərinin ən keyfiyyətli test ölçü vasitələrini təklif edir. Vaxtında aparılan inspeksiya işləri yarana biləcək problemlərin qarşısını almağa və işin davamlı olmasına imkan verir. Şirkətimiz artıq 3 ildir fəaliyyət göstərir və ölkəmizdə gənclərin inkişafına töhfə vermək məqsədilə komandamızı daima gənclərlə genişləndirir”.
Neft-qaz layihələri üzrə ixtisaslaşan “Caspian Marine Services B.V.” şirkəti də “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində iştirak edir. Şirkətin liman kapitanı Ramil Muradlı bildirib ki, Xəzər dənizindəki layihələrdə müxtəlif təyinatlı gəmilər istismar olunmaqdadır və hazırda seysmik sahədə “Caspian Geo” şirkəti ilə əməkdaşlıq edirlər: “BP və SOCAR şirkətləri ilə də əməkdaşlıq edirik. Gələn ildən yeni layihələr planlaşdırılır. Bura platformaların təchizatı, seysmik işlər, neft-qaz yataqlarının axtarılması və s. daxildir”.
Türkiyənin “Albayraq” şirkəti sərgidə iştirak edən qardaş ölkənin böyük şirkətlər qrupudur. 2022-ci ildən Bakıda fəaliyyət göstərən şirkət TIR parkının yaradılması istiqamətində müasir layihə təqdim etməyi düşünür. Şirkətin meneceri Özgür Çakıcı AZƏRTAC-a müsahibəsində söyləyib ki, onlar çox böyük layihələr icra edirlər: “Şirkətimizin Bakıdakı nümayəndəliyi “Alport Baku”dur. Biz “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə işləməyə gəlmişik. Bakı limanı ilə gübrə terminalı işlədirik. Gübrə terminalımız 60 min ton təşkil edir”.