Koalisiya üzvü: Ermənistanın dağ-mədən müəssisələri Azərbaycanın bütün ərazisini ekoloji risklər altına qoyur VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycandan Ermənistana çay axmır. Əvəzində, Ermənistandan Azərbaycana axan ən azı altı çay var. Ermənistanın dağ-mədən müəssisələri tərəfindən çirkləndirilən bu çaylar axınla Araz çayına tökülür. Nəticədə Araz çayının çirklənmə riski çox yüksəkdir. Araz çayı Kür çayına qoşulur, o isə Xəzər dənizinə axır. Beləliklə, demək olar ki, Azərbaycanın bütün ərazisi bu ekoloji risklər altında qalır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Enviromental Protection First” QHT Koalisiyasının üzvü Sabit Bağırov iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.
S.Bağırov əlavə edib: “Türkiyədə 33 qeyri-hökumət təşkilatının Ermənistanın atom elektrik stansiyasının fəaliyyətinin region üçün yaratdığı risklərlə bağlı təşəbbüsü bizim üçün gözlənilməz oldu. Açığı desəm, bu təşəbbüs bizi sevindirdi. Bu o deməkdir ki, bu məsələ təkcə bizi deyil, artıq Türkiyəni, İranı da narahat edir”.
O, həmçinin qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən müəssisələri mövcuddur. Bu müəssisələrin əksəriyyəti qiymətli metalların hasilatı və emalı ilə məşğuldur. Bu fəaliyyətlərin lazımi şəkildə tənzimlənməməsi və nəzarətsiz aparılması suların çirklənməsi risklərini ciddi şəkildə artırır.