Şəhidin həyat yoldaşı: Onunla fəxr edirəm VİDEO
Qazax, 18 sentyabr, Ruslan Novruzoğlu. AZƏRTAC
Uğurlu lokal antiterror tədbirləri Azərbaycanın növbəti hərbi uğurlarından biri kimi tarixə düşüb. Bir sutkadan da az müddətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi bərpa olunub, separatçılığa son qoyulub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, 2023-cü il sentyabrın 19-da və 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı gizir Elvin Qələndər oğlu Əhmədov da şəhidlik zirvəsinə ucalanlardandır.
Şəhidin həyat yoldaşı Aişə Əhmədova deyib ki, Elvin vətənpərvər olub. Ali təhsil alıb, Turizm fakültəsini bitirsə də, hərbçi olmaq arzusunu gerçəkləşdirib. “Sentyabrın 19-da həyat yoldaşımla danışanda dedi ki, narahat olma telefonumun batareyası tükənib, səninlə əlaqə saxlaya bilməsəm, məni axtarmağa çalışma, özüm sənə zəng edəcəyəm. Sentyabrın 19-dan 20-nə keçən gecə isə Elvin Ağdərə yolunda gedən döyüşlərdə şəhid oldu. Mənəvi cəhətdən onun yoxluğunu hiss etsək də, Elvinin əmanəti olan qız övladımıza həm anayam, həm də ata. Mən hər bir şəhid xanımı kimi həyat yoldaşımla qürur duyuram. Əgər, əvvəlcədən də Elvinin şəhid olacağını bilsəydim, yenə onunla ailə həyatı qurardım. Mən onunla fəxr edirəm”, - deyə Aişə Əhmədova bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş E. Əhmədov 1990-cı il yanvar ayının 15-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. O, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirib. Daha sonra Azərbaycan Texnologiya Universitetində təhsil alıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı Hərbi Hissəsində gizir rütbəsi daşıyıb. 2023-cü il sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan E. Əhmədov Qarapapaq kənd qəbiristanlığında dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, E. Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qazax şəhərindəki küçələrdən birinə E. Əhmədovun adı verilib.