Sənan Hacıyev: Hakimlər Forumu hesabatlılıq və gələcək planların müzakirəsi baxımından mühüm platformadır VİDEO
Bakı, 20 fevral, Səbinə Əlizadə, Nailə Həsənova, foto Azər İbrahimov, video Namiq Abdullayev, AZƏRTAC
Azərbaycan Hakimlərinin II Forumunun keçirilməsində əsas məqsəd hakimlərin ötən il ərzində həyata keçirdikləri fəaliyyətin hesabatlılığının təmin edilməsi, eyni zamanda, qarşıdakı dövr üçün prioritetlərin və gələcək planların müzakirəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, builki forum əvvəlkilərdən fərqli kontekstdə təşkil olunub. “Forumun proqramı ilə tanış olduqda görmək mümkündür ki, bu dəfə müzakirələr müxtəlif inzibati orqanlar, eyni zamanda, cinayət mühakimə icraatı çərçivəsində fəaliyyət göstərən cinayət təqibi orqanları ilə birgə mövcud ümumi problemlərin müzakirəsinə həsr edilib. Əsas mövzumuz isə rəqəmsallaşma və süni intellektin ədalət mühakiməsində tətbiqidir”, – deyə o vurğulayıb.
Məhkəmə-Hüquq Şurasının üzvü qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələrin hakimlər, eləcə də dəvət olunmuş qonaqlar, Konstitusiya Məhkəməsinin hakimləri, hüquq-mühafizə və digər inzibati orqanların nümayəndələri üçün maraqlı və faydalı olacağı gözlənilir. Onun sözlərinə görə, Hakimlər Forumu qarşıya qoyulan məqsədlərə nail olunması baxımından mühüm nəticələr verə biləcək.
Sənan Hacıyev bildirib ki, dövlətimizin başçısının təsdiq etdiyi süni intellektin tətbiqi ilə bağlı strategiyaya uyğun olaraq məhkəmə sistemində ədalət mühakiməsində süni intellektin istifadəsini nəzərdə tutan xüsusi proqram hazırlanıb. Yaxın zamanda həmin proqramın təsdiqi ilə bir sıra sahələr üzrə konkret mexanizmlərin tətbiqi mümkün olacaq.
O qeyd edib ki, süni intellekt vasitəsilə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin məhkəmələrə daxil olan zaman prosessual normalara uyğun tərtib olunmasının yoxlanılması imkanları üzərində işlər aparılır. Eyni zamanda, sadə işlər üzrə əmr və icra icraatı qaydasında verilən sənədlər üzrə qərar layihələrinin hazırlanmasında süni intellekt imkanlarından istifadə nəzərdə tutulur.
“Bu sahədə əsas və yekun məqsədimiz məhkəmə qərarlarının proqnozlaşdırılmasının təmin edilməsidir. Bu, vətəndaşlara məhkəməyə müraciət edərkən iddialarının uğur ehtimalını qiymətləndirməyə imkan verəcək. Süni intellekt texnologiyaları vahid məhkəmə təcrübəsinin təhlili baxımından da yaxın gələcəkdə geniş imkanlar yaradacaq”, – deyə Sənan Hacıyev əlavə edib.