İdarə Heyətinin sədri: Daşınmaz əmlak sahəsində sənədləşmə və torpaq münasibətləri üzrə vahid yanaşma formalaşdırılır VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Daşınmaz əmlak sahəsində sənədləşmə və torpaq münasibətləri üzrə vahid yanaşma formalaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.
Onun sözlərinə görə, son illər daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi sənədlərin tamlığı və hüquqi əsasların düzgün formalaşdırılması ilə bağlıdır. Nigar Alimova qeyd edib ki, məhkəmə təcrübəsində formalaşmış yanaşmaya əsasən, istismar olunan obyekt üzrə mənzil və ya qeyri-yaşayış sahəsinin tanınması üçün müvafiq hüquqi və texniki sənədlərin mövcudluğu əsas şərt hesab edilir.
İdarə Heyətinin sədri bildirib ki, xüsusilə istismar sənədləri ilə bağlı qəbul edilən qərarlarda obyektin müvafiq kodunun mövcudluğu mühüm əhəmiyyət daşıyır. Bu kodun aidiyyəti dövlət orqanları, o cümlədən şəhərsalma və arxitektura qurumları tərəfindən müəyyən edilməsi və rəsmi reyestrlərdə əks olunması tələb edilir. Qeyd olunub ki, bu cür məlumatların sənədlərdə əksini tapmaması hallarında müvafiq müraciətlərə imtina verilməsi məhkəmə təcrübəsində artıq sabit yanaşma kimi qəbul edilir.
Nigar Alimova diqqətə çatdırıb ki, bələdiyyə torpaqları ilə bağlı məsələlər də uzun illər mübahisə doğuran əsas mövzulardan biri olub. Onun sözlərinə görə, torpaq mülkiyyəti münasibətlərində hüquqların tanınması yalnız bələdiyyə qərarları, satış sənədləri və digər qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduqda mümkündür. Uzun müddət formalaşmış praktikada sənədlərin tam və ardıcıl şəkildə təqdim edilməməsi ciddi hüquqi problemlərə səbəb olub.
İdarə Heyətinin sədri vurğulayıb ki, regionlarda bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması zamanı normativ tələblərin pozulması, xüsusilə normadan artıq torpaq sahələrinin verilməsi halları artıq qəti şəkildə yolverilməz hesab olunur. "Bu kimi hallarda müvafiq müraciətlərə imtina verilir və məqsəd torpaq münasibətlərində şəffaflığın, qanunauyğunluğun və bərabərliyin təmin edilməsidir".
Nigar Alimova əlavə edib ki, həyata keçirilən islahatların əsas məqsədi daşınmaz əmlak sahəsində hüquqi müəyyənliyin gücləndirilməsi, məhkəmə çəkişmələrinin sayının azaldılması və vətəndaşların mülkiyyət hüquqlarının qanunvericiliyə uyğun şəkildə qorunmasının təmin edilməsidir.