“Qax Günləri” – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı VİDEO
Qax, 2 avqust, AZƏRTAC
Qax rayonu əsrlər boyu Azərbaycanın zəngin tarixini, multikultural dəyərlərini, bənzərsiz təbiətini və milli-mənəvi irsini yaşadan qədim diyar kimi tanınıb və bu ənənələr davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəyərlərin daha geniş təbliği, rayonun turizm, mədəniyyət və iqtisadi potensialının tanıdılması məqsədilə Qax Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “İçəribazar” Qala Kompleksində "Qax Günləri" keçirilib.
Tədbir çərçivəsində Qaxın əsrarəngiz təbiəti, tarixi abidələri, qədim yaşayış məskənləri, milli mətbəxi, xalq sənətkarlığı, folkloru, musiqisi, rəqsləri, multikultural mühiti, müxtəlif xalqların və etnik qrupların əsrlər boyu formalaşdırdığı mehriban birgəyaşayış ənənələri geniş təqdim olunur. Rayonun kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, yerli istehsal potensialı və turizm imkanları da ziyarətçilərin diqqətinə çatdırılıb.
Eyni zamanda "Qax Günləri" rayonun təhsil, idman, gənclər siyasəti, sosial inkişaf, innovasiya və sahibkarlıq sahələrində əldə olunan uğurların nümayiş etdirilməsi üçün də mühüm platformadır. Bu, Qaxın yalnız zəngin keçmişə malik olmadığını, həm də müasir Azərbaycanın dinamik inkişaf edən bölgələrindən biri olduğunu nümayiş etdirir.
Festivalın ilk günü respublikanın müxtəlif bölgələrindən gələn minlərlə insanın marağına səbəb olub. Festivalda Qax rayonundan olan tanınmış insanlar, ziyalılar, yazıçılar, şairlər, idmançılar, şəhid ailələri, qazilər və rayonumuza gələn turistlər iştirak ediblər.
“Qax Günləri” festivalının iştirakçıları əvvəlcə rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin, yerli sənətkarların, ayrı-ayrı müəssisə və təşkilatların hazırladığı stendlərə baxış keçirib, sənətkarlıq nümunələri ilə tanış olub, müxtəlif peşələr üzrə ustad dərsləri izləyiblər.
Festivalda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Qax rayonu tarixən müxtəlif xalqların və mədəniyyətlərin qorunduğu, tolerantlıq və multikultural dəyərlərin yaşandığı bir məkan olub: “Bu gün bu festivalda bir araya gələn insanlar da həmin mənəvi zənginliyin daşıyıcılarıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli-mənəvi dəyərlərin qorunması siyasəti bu gün hər bir regionun inkişafının əsasını təşkil edir. Bu baxımdan, Qaxda təşkil olunan festival milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək missiyası daşıyır”.
“Qax Günləri” ölkəmizdə milli həmrəyliyin, multikultural dəyərlərin və mədəni müxtəlifliyin daha da möhkəmlənməsinə xidmət edir. Dövlətimizin mədəniyyətin, turizmin və regionların sosial-iqtisadi inkişafına göstərdiyi ardıcıl diqqət və qayğının nəticəsi olaraq Qax rayonunun zəngin irsi daha geniş auditoriyaya təqdim olunur, yerli istehsal və turizm imkanları genişlənir, yeni əməkdaşlıq əlaqələri formalaşır. Rayon icra hakimiyyətinin başçısı həmçinin bu növ festivalların bölgənin turizm potensialının artırılmasında və daxili turizmin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Xamis Muradov, sabiq Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin komandanı, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, sabiq Quru Qoşunları komandanı, ehtiyatda olan general-leytenant Ənvər Əfəndiyev, İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov keçirilən bu cür festivalların milli-mədəni irsimizin təbliğindəki müstəsna əhəmiyyətini xüsusi vurğulayıblar.
Festival Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin və Qax rayon Uşaq incəsənət məktəbinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
Müxbir - Rasim İslamoğlu