Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda bir ekoloji çağırışdır. Bu, bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov deyib.
E.Salahov qeyd edib ki, hazırda Xəzər dənizində dəniz suyunun enməsi ilə bağlı limanda texniki problemlər müşahidə edilmir. Lakin Bakı Limanında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə artıq tərəfimizdən zəruri tədbirlər həyata keçirilir: “Məlumat üçün bildirməliyəm ki, artıq yay aylarında dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender elan edilib. Artıq tenderin nəticələri tərəfimizdən qiymətləndirilir. Yaxın günlərdə artıq yekun müqavilənin şərtlərinin razılaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, 2026-cı ilin sonlarında artıq Xəzər dənizində fiziki olaraq beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq. Prosesin təqribən 1 il yarım davam edəcəyi nəzərdə tutulur. Bununla bağlı bütün texniki hazırlıq işləri, dəniz dibinin öyrənilməsi, batimetriya tədbirləri tərəfimizdən həyata keçirilib. Bu qabaqlayıcı tədbirdir, hazırda dəniz səviyyəsinin dəyişməsi ilə bağlı limanda texniki və gəmi qəbulu ilə bağlı məhdudiyyətlər müşahidə olunmur”.