Parisdə kosmos sammiti: Avropa kosmik yarışda mövqeyini gücləndirməyə çalışır
ABŞ nəhəngləri sammitdə iştirak etməyəcək
Paris, 9 sentyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdəki ilk Beynəlxalq Kosmos Sammitində 120-dək ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İki gün davam edəcək tədbirdə kosmosun təhlükəsizliyi, iqtisadiyyatı, elmi tədqiqatlar, Avropa əməkdaşlığı və kosmik fəaliyyətlərin tənzimlənməsi əsas müzakirə mövzuları olacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Sarayda (Grand Palais) keçirilən sammit hökumət nümayəndələrini, kosmik sənaye şirkətlərini, alimləri və digər iştirakçıları bir araya gətirir. Təşkilatçıların sözlərinə görə, məqsəd kosmosdan istifadənin gələcəyi ilə bağlı açıq və birbaşa dialoq yaratmaq, beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Görüşdə kosmik təhlükəsizlik, aşağı Yer orbitlərindən istifadə, Ayın tədqiqi, Yer kürəsinin müşahidəsi, iqlim məlumatlarının toplanması, telekommunikasiya və peyk sistemləri müzakirə olunacaq. Avropanın kosmik sahədə mövqeyinin gücləndirilməsi də sammitin əsas prioritetlərindən biridir. Fransa xüsusilə Avropa ölkələri arasında əməkdaşlığın və “Avropa üstünlüyü” prinsipinin inkişaf etdirilməsini istəyir.
Sammitə 120-dək ölkə dəvət olunub. Çin iştirak edəcək, Rusiya, İran və Şimali Koreya isə dəvət edilməyib. Almaniya Kansleri Fridrix Mertsin səfərini son anda ləğv etməsi də diqqət çəkib. Almaniyanı sammitdə müdafiə naziri Boris Pistorius və kosmos naziri Dorotee Bär təmsil edəcək.
Digər tərəfdən, ABŞ-nin kosmik nəhəngləri “SpaceX” və “Blue Origin” də tədbirdə iştirakdan imtina edib. Bu qərarların Ağ Ev tərəfindən mümkün təzyiqlərlə əlaqəli olduğu barədə məlumatlar yayılsa da, Fransa hökuməti bunu təsdiqləməyib. Paris ABŞ-nin digər şirkətlərinin və kosmik qurumlarının sammitdə iştirakını alqışladığını bildirib.
Sammit çərçivəsində kosmik tədqiqat, Yer müşahidəsi, telekommunikasiya və kosmik məlumatlarla bağlı yeni investisiya və kommersiya müqavilələrinin elan olunması gözlənilir. Fransa, həmçinin kosmik məlumatların paylaşılması, tezliklərin istifadəsi və kosmik tullantıların monitorinqi üzrə beynəlxalq bəyanatların qəbul edilməsini təşviq edir.
Fransanın məqsədlərindən biri kosmosda ümumi beynəlxalq qaydaların yaradılmasıdır. Paris hesab edir ki, gələcəyin kosmik fəaliyyəti “tamamilə qaydasız bir Vəhşi Qərb” olmamalı, kosmosun tədqiqi və istifadəsi təhlükəsizlik və mühafizə prinsipləri əsasında həyata keçirilməlidir.