“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi 550-dən çox məktəbi əhatə edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
2026-2027-ci tədris ilində “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilində platformaya Abşeron rayonundan 47, Sumqayıt şəhərindən 48, Bakı şəhərindən 15, Gəncədən 50, Mingəçevirdən 29, Naxçıvandan isə 20 məktəbin qoşulması nəzərdə tutulur. Bununla platformanın əhatə dairəsi daha 209 məktəb genişləndiriləcək.
Yeni tədris ilində “Rəqəmsal məktəb” platformasından ümumilikdə 550-dən çox məktəbin, 225 minə yaxın şagirdin və 15 mindən çox müəllimin istifadəsi nəzərdə tutulur.
Platformanın funksional imkanları da genişləndiriləcək. Belə ki, formativ qiymətləndirmə, davamiyyət və nizam-intizamla bağlı müəllim qeydlərinin valideyn kabinetinə operativ ötürülməsi təmin olunacaq.
Bununla yanaşı, məktəbəhazırlıq qruplarının “Rəqəmsal məktəb” platformasına inteqrasiyası həyata keçiriləcək. Valideynlər direktor qəbuluna yazılarkən müraciət mövzusunu seçə, qəbuldan sonra isə əks əlaqə yarada biləcəklər.
Həmçinin yerdəyişmə edən şagirdlərin qiymətlərinin avtomatik şəkildə yeni məktəbə daşınması təmin olunacaq. Platformada valideyn sorğusu funksionallığı ilə yanaşı, müəllim qiymətləndirməsi imkanlarının da təkmilləşdirilməsi nəzərdə tutulur.
Müxbir - Nərmin Muradzadə