BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
Bakı, 9 sentyabr, AZƏRTAC
2024–2025-ci illərdə dünyada təhsil sahəsinə 8,5 mindən çox hücum qeydə alınıb. Bu, əvvəlki dövrlə müqayisədə 40 faiz çoxdur və bütün müşahidə dövrü ərzində ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin 9 Sentyabr - Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü münasibətilə hazırladığı materiallarda bildirilir.
Hücumlar nəticəsində azı 10,6 min şagird və müəllim öldürülüb, yaralanıb və ya oğurlanıb. Bununla yanaşı, məktəblərdən hərbi məqsədlərlə istifadə hallarının miqyası demək olar ki, iki dəfə artıb.
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, təhsil insanın əsas hüquqlarından biridir, lakin silahlı münaqişələrin artdığı şəraitdə bu hüququn həyata keçirilməsi getdikcə daha təhlükəli olur.
O, dövlətləri təhsil müəssisələrinin təhlükəsizliyini təmin etməyə, məktəblərə hücumların qarşısını almağa, təqsirkarları məsuliyyətə cəlb etməyə, habelə təhsilə investisiya yatırmağa və məktəblərin müdafiəsi üzrə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırıb.
BMT-nin məlumatına görə, 2025-ci ildə münaqişə zonalarında uşaq hüquqlarının 38 mindən çox ağır şəkildə pozulması halı qeydə alınıb. Bu, 30 illik monitorinq dövründə ən yüksək göstəricidir.
Hazırda böhranlardan zərər çəkmiş 87 ölkədə 258 milyon uşaq təhsildə ciddi fasilələrlə üzləşir. Onlardan 93 milyonu ümumiyyətlə məktəbə getmir.
“Təhsil gözləyə bilməz” fondunun direktoru Maysa Calbut vurğulayıb ki, təhsil sisteminə hücumlar təsadüfən baş vermiş zərər kimi qiymətləndirilə bilməz. Təhsilin məhv edilməsi cəmiyyətləri gələcək mütəxəssislərdən məhrum edir, uşaqların sosial həssaslığını daha da artırır, münaqişə və məcburi köçkünlük dövrlərinin davam etməsinə şərait yaradır.
O, bütün tərəfləri beynəlxalq humanitar hüququn normalarına riayət etməyə, məktəblərə, şagirdlərə və müəllimlərə hücumları dayandırmağa çağırıb.
“Təhsil gözləyə bilməz” fondu, həmçinin donorları, biznes nümayəndələrini, xeyriyyəçiləri və vətəndaş cəmiyyətini ən ağır böhran şəraitində yaşayan 10 milyon uşağın təhlükəsiz və keyfiyyətli təhsillə təmin olunması üçün 600 milyon dollar toplanmasına yönəlmiş “Ümid burada başlayır” kampaniyasına qoşulmağa çağırıb.