Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
Bakı, 9 sentyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Universitetində “Qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi: Parlament, davamlı inkişaf və Azərbaycanın iqlim gündəliyi” mövzusunda çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri çıxışında qlobal öhdəliklərin milli səviyyədə konkret siyasətə və fəaliyyətə çevrilməsinin vacibliyindən danışıb.
O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması milli siyasətdən, qanunvericilikdən və konkret layihələrdən asılıdır. Qlobal hədəflərin milli prioritetlərlə uzlaşdırılması və nəticələrin davamlılığının təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Parlamentlərin qanunvericilik, büdcə və nəzarət funksiyalarının qlobal öhdəliklərin milli səviyyədə icrası üçün əlverişli hüquqi və institusional çərçivənin formalaşdırılmasına imkan verdiyi bildirilib.
Çıxışda enerji, iqlim və inkişaf arasında əlaqəyə toxunularaq, ənənəvi enerji resurslarının rolunun qorunduğu, bərpaolunan enerjinin inkişafı və enerji keçidinin sürətləndirilməsinin Azərbaycanın prioritetləri olduğu qeyd edilib.
Azərbaycanın inkişaf yolu barədə danışan Milli Məclisin sədri ölkənin təmiz enerjiyə keçidi və iqtisadi şaxələndirilməsinin davamlı investisiya, güclü insan kapitalı və innovasiya tələb etdiyini, bu transformasiya üçün hökumət, biznes, universitetlər və vətəndaş cəmiyyətinin güclərini birləşdirməli olduğunu qeyd edib.