Daşkənddə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzində yaradılan Şəhidlər bağını ziyarət ediblər. Tədbirdə Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu diqqətə çatdırıb və şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb.
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəyliyi xüsusi vurğulayıb. Bildirib ki, Vətən müharibəsi dövründə Özbəkistanın Azərbaycana göstərdiyi mənəvi dəstək xüsusi qeyd olunmalıdır. Müharibədənsonrakı dövrdə də Özbəkistan Qarabağın bərpasına dəstək verən ilk ölkələrdən biri olub. Səfir Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin inşa edilməsini iki qardaş ölkə arasında mövcud olan dostluğun, həmrəyliyin və qarşılıqlı dəstəyin bariz nümunəsi kimi səciyyələndirib.
Sonda 27 Sentyabr – Anım Gününə həsr edilən “Torpağı sanı yaşayasan” adlı xatirə filmi nümayiş olunub.